|
C.
, Mar. 16, 2007
GÜNEY
AZƏRBAYCAN TÜRKLƏRİ XARİCDƏ HƏLƏ də "
FARS
" və "İRANLI" KİMİ TANINIR
A.Cavanşir: "Terrorçuluğa qarşı mübarizə
Tehran
və Yerevandakı hakimiyyətləri də əhatə etməlidir

S.SƏDRƏDDİN
Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə diaspor təşkilatlarının
forumu keçirildi. Tədbirdə Güney Azərbaycan Konqresinin sədri
Abdulla Əmir-Haşimi (Cavanşir) də iştirak edib. O hazırda İsveçin
Stokholm şəhərində yaşayır, orada ibtidai məktəbdə 5 ilə yaxındır
ki riyaziyyat müəllimi işləyir. Bu güneyli soydaşımızla bir sıra
məsələlər barədə söhbət edirik.
- Cavanşir bəy, forum haqda təəssüratınızı bilmək istərdik.
- Belə bir forumun keçirilməsi zəruri idi. Türk dünyasına, o cümlədən
Azərbaycana qarşı düşmən qüvvələrin fəal olduğu bir dövrdə
Azərbaycan və Türkiyə dərnəklərinin əməkdaşlığının təmin
edilməsi istiqamətində addımların atılması xüsusi əhəmiyyət daşıyır.
Forumdan gözlədiyimiz uğurlu nəticələr əldə etməklə yanaşı,
qarşılıqlı görüşlərin keçirilməsini, birgə əməkdaşlıq
konsepsiyasının hazırlanmasını, bir sözlə, antiazərbaycan, antitürkiyə
qüvvələrinə qarşı birgə qüvvə nümayiş edilməsini istəyirik.
Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının
rəsmilərinin də çıxışlarında bu məsələlər vurğulandı. Təbii
ki, ən böyük istəyimiz deyilənlərin gerçəkləşməsidir.
- Diaspor təşkilatlarının əvvəlki illərlə müqayisədə
fəaliyyətini necə dəyərləndirirsiniz?
- Son bir 2 ildə diaspor təşkilatlarının fəallığının artdığını
söyləyə bilərəm. Buna örnək kimi, 2007-ci ilin fevral ayında Xocalı
soyqırımına həsr edilmiş çoxsaylı tədbirləri göstərmək olar.
Vaşinqton,
London
, Stokholm, Höteborq, Strasburq, Nyu-York, Köln və dünyanın bir çox
yerlərində həm kəmiyyət, həm də keyfiyyət cəhətdən əvvəlki
illərlə müqayisədə səviyyəli tədbirlər keçirildi. Lakin bu
yetərli deyil. Hələ ki Qərbin ictimai fikrində problemlərimiz haqda
yetərincə rəy yaratmamışıq. Bu istiqamətdə fəaliyyəti daha da gücləndirməliyik.
- Türk dünyasının, o cümlədən Azərbaycanın əsas
problemlərindən biri Güney Azərbaycan türklərinin milli haqlarına
yiyələnməsi məsələsidir. Diaspor bu məsələni beynəlxalq
ictimaiyyətin diqqətinə çatdıra bilirmi?
- Türkiyənin və Azərbaycan Respublikasının İranla dövlətlərarası
münasibətləri nəzərə alındığından forumda bu məsələyə heç
toxunulmadı. Amma bu sahədə xaricdəki təşkilatlarımız bir sıra
addımlar atmaqdadır. Azərbaycan diasporunun nümayəndələri son
illərdə beynəlxalq hüquq müdafiəsi təşkilatları, olduqları ölkələrin
parlamentləri ilə sürəkli işləyərək Güney Azərbaycan problemini
onların diqqətinə çatdırırlar. Bundan başqa, dünyanın aparıcı dövlətlərinin
xarici işlər nazirlikləri ilə də bacardığımız qədər münasibət
qurmağa çalışırıq. Lakin insan hüquqlarını müdafiə edən, yaxud
bu istiqamətdə çalışan bir sıra beynəlxalq qurumlar bizə bəlli
olmayan səbəblərdən Güney Azərbaycan məsələsinə önəm vermək
istəmir. Yaxud problemin həlli ilə bağlı "Azərbaycan xalqı
daha fəal olmalıdır" - deyirlər. Əməkdaşlıq etdiyimiz
qurumlarla aparılan danışıqlar, yazışmalar barəsində xəbərlər
zaman-zaman kütləvi informasiya vasitələrində də yayılır. Buna örnək
olaraq Beynəlxalq Əfv Təşkilatı, BMT-nin İnsan Hüquqları Komissarlığı,
YUNESKO-nun Beynəlxalq Ana dili Qurumu ilə əməkdaşlığımızı göstərə
bilərik.
- Yaxın və Orta Şərqdəki vəziyyəti qısaca olaraq şərh
edərdiniz. Eləcə də bölgədə baş verənlər İranın demokratikləşməsinə
və Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına nə
kimi təsir göstərə bilər?
- Əfqanıstanda "Taliban"ın, İraqda Səddam Hüseynin
devrilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə atılan addımlar
demokratikləşmə mühitinin yaranmasına yardım edir. Bu addımlar bölgədəki
bütün terrorçuluğu və təcavüzü, eləcə də tərəqqiyə, sülhə,
sabitliyə, insan haqlarına qarşı olan bütün qüvvələri və
hakimiyyətləri, o cümlədən İran və Ermənistanı da əhatə
etməlidir.
Təəssüflər olsun ki, sivilizasiyanın inkişafına mane olan
Tehran
və Yerevandakı rejimlərə bu hələ çatmayıb. Vəziyyətin bu şəkildə
qalması demokratik dünyanın gerçəkləşdirmək istədiyi ideyaların
dərin böhranla üzləşməsinə təsir göstərə bilər. İraqda
demokratikləşmə prosesinin ləng getməsini buna örnək göstərmək
olar. Əgər İraqda baş vermiş olaylar İranda da təkrarlanarsa, o
zaman hadisələrin sonucunu proqnozlaşdırmaq çətin olacaq. Bunun qarşısını
almaq üçün bölgədəki demokratik qüvvələr, habelə həmin
ərazidə maraqlı olan güclər yerli millətlərin mənafeyinin təmin
edilməsini nəzərə alaraq birgə fəaliyyət göstərməlidir. Güney
Azərbaycana gəldikdə isə bu istiqamətdə addım atmaq üçün milli
hərəkat fəallarının üzərinə daha böyük məsuliyyət düşür.
- Məsələni bir qədər açıqlayaq. Məsələn, Amerika, yaxud İsrail
İrana ehtimal olunan hücumu gerçəkləşdirərsə, bunun ziyanı, yoxsa
xeyri çox olar?
- Bu haqda proqnoz vermək çətindir. Amma hər iki tərəf elə təbliğat
aparır ki, sanki qarşıdurmaya hazırdırlar. Ancaq bunun ağır
nəticəsini bölgədəki dinc əhali çəkəcək. Siyasi, ictimai, milli
və iqtisadi baxımdan fayda verəcəkmi? Məncə, tam mənada yox.
Hərtərəfli təkamülü, inkişafı, tərəqqini, dirçəlişi daha çox
dinc şəraitdə əldə etmək mümkündür. Bu baxımdan savaş xarabalıqlar,
köçkünlük, zorakılıq və s. yaradır.
Təcrübə sübut edib ki, zorakı üsulla demokratiya bərqərar
olmamaqla yanaşı, o çox zaman bu metodologiyanın qurbanı olur.
- Yaşadığınız ölkədə sizi iranlı, yoxsa azərbaycanlı kimi tanıyırlar?
- Son 15 ilədək Azərbaycan adına qurumlar, dərgi, qəzet və s.
rəsmi qeydiyyatdan keçmədiyindən güney azərbaycanlıları iranlı
kimi tanımaqla bərabər fikirlərdə fars təki anlanırdı. Amma zaman
ötdükcə cəmiyyətlər yarandı, rəsmi qeydiyyatdan keçdi,
Azərbaycan adına milli-mədəni tədbirlər təşkil olundu, milli
problemlərlə bağlı çeşidli müraciətlər edildi. Bu kimi
fəaliyyət nəticəsində əvvəllər iranlı kimi tanınanları indi
Azərbaycan türkü kimi tanımağa başlayırlar. Bu özünü ölkədə
çıxan KİV-də və yayımlanan televiziyada, radioda da göstərir. Amma
təəssüflər olsun ki, bizim Azərbaycan türkü kimi tanınmamız kütləvi
hal almayıb. Bunun səbəblərindən biri soydaşlarımızın milli
kimliyi ilə bağlı şüurlarındakı naqislikdir. Eləcə də, yaşadıqları
ölkədə rəsmi sənədlərdə "iranlı" yazıldığından
onları belə də adlandırırlar.
- Bir neçə kəlmə də Güney Azərbaycan Konqresinin yaranma zərurəti
barədə məlumat verərdiniz.
- Bu, Güney Azərbaycana aid güclü bir ictimai-siyasi təşkilatın
olmaması zərurətindən yarandı. Bunun indiyədək yaranmamasının bir
çox səbəbləri var. Ötən illərdə İranda dəyişilmiş
hakimiyyətlər, şah və Xomeyni rejimləri azərbaycanlılara öz milli
haqlarını tələb edən təşkilat yaratmağa imkan verməyib. Son bir
ildə, xüsusilə ötən il mayın 22-dən başlayaraq keçirilmiş etiraz
aksiyaları gerçəkdə xalqımızın diktatorluğa qarşı etinasızlığını
ortaya çıxardı. Bu gün cürətlə demək olar ki, Güney Azərbaycanda
insanlarımız milli haqlarla bağlı açıq-aşkar fikir söyləməyə
və onun təmini uğrunda mübarizə aparmağa hazırdırlar. Bu gün
onların milli haqlarının tələbi ətrafında təşkilatlanması
zəruridir. Bu baxımdan biz də həmin yöndə fəaliyyət göstərməyə
çalışırıq. 2006-cı ilin martında təsis yığıncağımız keçirilib.
Həmin ilin avqustunda isə təşkilatımızı elan etmişik. Qurumumuzun
mərkəzi Avropada yerləşir, 8 ölkədə təmsilçimiz var.
"Konqres" adlı mətbu orqanımız çıxır. İnternet saytımız
isə guneyazerbaycankonqresi.com-dur.
Fürsətdən istifadə edərək bütün soydaşlarımızı qarşıdan
gələn Novruz bayramı münasibəti ilə təbrik edir, millətimizə xoş
günlər və firavanlıq arzulayıram.
GÜNEY AZƏRBAYCAN KONQRESİ HAQDA QISA MƏLUMAT
GAK-ın Almaniya, Britaniya, Fransa, İsveç, Norveç, Rusiya, Türkiyə
və başqa ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.
Təşkilatın məramnaməsindən bəzi müddəaları diqqətinizə çatdırırıq.
...Güney Azərbaycanda insan haqlarının qorunması uğrunda ardıcıl mübarizə
aparmaq;
- milli adət-ənənələrin, mədəniyyətin, təfəkkürün
qorunub-saxlanılması, təbliği istiqamətində fəaliyyət göstərmək;
- insan haqlarının aliliyi prinsiplərini, BMT nizamnaməsini əsas götürərək
İranın əsarəti altında olan 35 milyondan çox Azərbaycan türkünün
mədəni, iqtisadi, ictimai-siyasi hüquqları uğrunda mübarizə
aparmaq;
- Güney Azərbaycan türklərinin milli haqlarının pozulduğunu
sənədlərlə sübut etmək;
- xalqların və millətlərin öz müqəddəratını təmin etmək hüququna
əsaslanaraq Azərbaycan türklərinin ərazi və dövlət quruluşunun
təyin edilməsi hüquqlarının onlara verilməsinə nail olmaq;
- Güney Azərbaycanda fars rejimi tərəfindən Azərbaycan türklərinin
hüquqlarının kütləvi şəkildə pozulması faktını beynəlxalq təşkilatlara
və dünya dövlətlərinə davamlı olaraq çatdırmaq;
- Güney Azərbaycanda tarixi, milli abidələrin hakimiyyət
tərəfindən sıradan çıxarılması və farslaşdırılması haqda
YUNESKO qarşısında məsələ qaldırmaq;
- Güney Azərbaycanda milli azadlıq uğrunda mübarizə aparan təşkilatları
dəstəkləmək və onları beynəlxalq aləmdə tanıtmaq;
- ...Qarabağ və ətraf rayonların işğaldan azad olunmasını tələb
etmək, bu yolda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan
torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparmaq.
http://www.ayna.az/rubric.php?id=15255&dd=16&mo=3&yr=2007 |